“Martın 23-də Ermənistan baş naziri Paşinyan, hökumətin iclasında, Prezident İlham Əliyevin martın 18-də Tərtər rayonuna etdiyi səfərində iki ölkə arası sülhlə bağlı çıxışını müzakirə edib”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri social şəbəkədə analitik İlqar Altay yazıb. O, qeyd edib ki, həmin çıxışında İlham Əliyevin söylədiyi bunlar olub: "Ermənistan 29 min kvadratkilometr ərazi sahəsində rahat yaşaması üçün, bizim şərtləri qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, irəli sürdüyümüz şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Və Ermənistan əgər ki, bizim ərazimizi tanımazsa, biz də onun ərazisini tanımayacağıq və bunun nəticələri nə olacaq, Ermənistan və havadarları üzərindədir”.
İ. Altayın sözlərinə görə, Paşinyan İlham Əliyevin bu bəyanatında, guya iki məqama etirazını bildirib:
“Biri, sərhədlərin delimitasiyasının Azərbaycanın bildirdiyi şərtlə aparılması sözlərinədir. Burada nə var ki? Artıq, Azərbaycan bu məsələ ilə bağlı, dəfələrlə açıq, ədalətli fikri, şərtini bəyan etmiş ki, bizim özgə ölkənin torpağında gözümüz yoxdur, ancaq ki, bir qarış torpağımızı kiməsə keçmərik. Mövcud xəritələr əsasında ölçək-biçək, xəttimizi çəkək. Bu şərti həm Avropa, həm Rusiya məqbul bilib.
Paşinyanın guya ikinci narazılığı, İlham Əliyevin kəskin danışıq ritorikasınadır. Belə ritorika təbii ki, olmalıdır. 30 il ərazisini işğalda saxladığın və sonda sən işğalçıını darmadağın etmiş, son an sənin sülh yalvarışınla tamam məhv etməkdən ayaq saxlamış dövlətin, ordunun rəhbəridir. Və sənsə, təslimindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, sağol əvəzində, nankorluqla sülh işini çək-çevir edib uzadırsan. Bu hirsli ritorika əslində yeni müharibə əvəzidir, buna sağ ol de.
Elə bilirsiniz, bütün bunları, bu haqlı cavabları Paşinyan bilmir? Bilmir ki, haqlı Azərbaycandır? Hər şeyi, gözünün içinə kimi, çox da gözəl bilir. Onu da bilir ki, odla oynamayıb, haqlı və güclü dövlətlə sülh ilk növbədə onun özünə lazımdır. Onu da bilir ki, bütün dünya, Qərb də, Şərq də Ermənistanın bu nankorluğunu bilir və qınayır, Azərbaycanın şərtləri ilə sülh artıq, qaçılmazdır.
Və nəticə olaraq, Paşinyan hökumət iclasından çıxan kimi, Tvitterdə bəyan edib: Ermənistanla Azərbaycan arası sülh müqaviləsi imzalanacaq, tərəflər kəskin eskalasiyadan qaçına biləcəklər, sülh müqaviləsi yüksək qərarlara əsaslanacaq, beynəlxalq ictimaiyyət buna qəti dəstək versin.
Beləliklə də demək olar ki, 30 illik münaqişənin sonu yaxınlaşır, Qarabağlı, zəfərli Azərbaycanla”.